Xaçmazda ilk dəfə səs verəcək gənclər seçki prosedurları haqqında maarifləndirilib VİDEO
Xaçmaz, 6 aprel, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsində Azərbaycan Respublikası prezidenti seçkilərində ilk dəfə səs verəcək 300 nəfərdən çox gənc seçki prosedurları haqqında ətraflı məlumatlandırılıb.
Aprelin 6-da Xaçmaz şəhərində keçirilən ilk dəfə səs verəcək gənclərin Quba-Xaçmaz bölgəsi üzrə regional forumunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu çıxış edərək, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş aparılır.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışı zamanı dövlət gənclər siyasətindən, azərbaycançılıq ideologiyasından danışıb.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev seçkilərin xalqın həyatında oynadığı roldan bəhs edərək, gəncləri bu prosesdə aktiv iştiraka səsləyib.
Çıxışlarda hər kəsin səsvermə prosesinə qoşulmasının vətəndaşlıq borcu olduğu bildirilib, gənclər dövlətə, vətənə, cəmiyyətə münasibətdə laqeyd olmamağa çağırılıb. Həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayan natiqlər, demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsini dövlətçiliyin zəruri elementi kimi dəyərləndiriblər.
Sonda ilk dəfə səs verəcək gənclərə səsvermə proseduru əyani formada nümayiş etdirilib.