XAÇMAZLILAR AZƏRBAYCANIN XOŞ GƏLƏCƏYİNİ PREZİDENT İLHAM ƏLİYEVLƏ BAĞLAYIRLAR
AZƏRTAC xəbər verir ki, Xaçmaz Rayonu İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları ilə bağlı keçirilən hesabat yığıncağında görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, iş adamlarının, ziyalıların və ağsaqqalların iştirak etdikləri yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 22-də keçirilən Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının giriş və yekun nitqlərindən irəli gələn vəzifələr haqqında məruzə etmişdir.
Məruzəçi ölkə başçısının iclasdakı giriş və yekun nitqlərində səslənmiş fikirləri, qarşıya qoyulmuş vəzifələri xatırlatmış, hesabat dövründə Azərbaycan iqtisadiyyatında qazanılmış uğurlardan danışmışdır.
İcra hakimiyyətinin başçısı bildirmişdir ki, hesabat dövründə rayonda ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz, sənaye məhsulu istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 1,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 15 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 39,8 faiz, adambaşına düşən pul gəlirləri 32 faiz artmışdır.
Xaçmazın iri kənd təsərrüfatı rayonu olduğunu vurğulayan natiq məlumat vermişdir ki, 9 ayda 17 min ton kartof, 136 min 300 ton tərəvəz, 42 min 120 ton meyvə, 2700 ton üzüm istehsal edilmiş, iribuynuzlu mal-qaranın sayı 57 min 688, davarların sayı 121 min 449 başa çatmışdır. Bu müddətdə “Qafqaz” konserv zavodunda 1450 ton konserv məhsulu, şərab zavodunda 39 min 600 dekalitr şərab istehsal edilmişdir. “Aqroservis” təchizat bazası tərəfindən rayona 78 ədəd texnika, 1140 ton mineral gübrələr gətirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə 42 texnika, 50 faiz güzəştli qiymətə 630 ton gübrə satılmışdır. Bakı şəhərində keçirilən yarmarkalara indiyədək 2280 tondan çox, hesabat dövründə isə 606 ton məhsul göndərilmişdir.
Məruzəçi bildirmişdir ki, hesabat müddətində 30, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 yeni tədris müəssisəsi tikilib istifadəyə verilmişdir. Beş məktəb əsaslı təmir olunmuşdur. Şəhərin mərkəzində tikilmiş 1176 şagird yerlik orta məktəbə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın adı verilmiş, təhsil ocağının qarşısında akademikin abidəsi qoyulmuş, məktəbdə isə muzeyi yaradılmışdır. Yaxın günlərdə şəhərdə 840 şagird yerlik məktəb istifadəyə veriləcəkdir. Bu il 172 xaçmazlı gənc müxtəlif ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır.
Rayon İcra hakimiyyətinin başçısı əhaliyə göstərilən səhiyyə və rabitə xidmətindən, elektrik enerjisi və qazla təchizatın yaxşılaşdırılması, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülmüş işlərdən də söz açmış, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, bədən tərbiyəsi və idmanın inkişafını nəzərdə tutan, 2004-2008-ci illəri əhatə edən müvafiq Dövlət proqramının reallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən danışmışdır. Məlumat vermişdir ki, rayonda Gənclər evinin tikilməsi planlaşdırılır.
Rayonda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə və əmək veteranlarına, aztəminatlı ailələrə, xəstə və kimsəsizlərə qayğı göstərildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edənlər qarşıdan gələn 2008-ci ilin prezident seçkiləri ili olduğunu xatırlatmış və bu siyasi kampaniyaya ciddi hazırlaşmağın zəruriliyini vurğulamışlar. Natiqlər həmyerlilərinin düzgün seçim edəcəyinə əmin olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, xaçmazlılar Azərbaycanın xoş gələcəyini Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevlə bağlayırlar və ona səs verəcəklər.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı İlham Əliyev iştirak etmişdir.