XALQ ARTİSTİ GÜLŞƏN QURBANOVA SON MƏNZİLƏ YOLA SALINMIŞDIR
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mərasimi açaraq bildirmişdir ki, Gülşən Qurbanova 56 yaşında dünyasını dəyişmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirən aktrisa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu kollektivdə çalışmışdır. Aktrisanın ömrünün 32 ilini səhnəyə həsr etdiyini, yaratdığı rəngarəng obrazlarla teatrsevərlərin sonsuz məhəbbətini qazandığını vurğulayan Ə.Vəliyev G.Qurbanovanın oynadığı rolların hər cür sünilikdən uzaq olduğunu diqqətə çatdırmış və demişdir ki, hər bir rolu özününküləşdirdiyinə görədir ki, onun təqdim etdiyi obrazlar təbii və inandırıcı olurdu, tamaşaçıların alqışını qazanırdı.
Xalq artistləri Siyavuş Aslan, Firəngiz Mütəllimova, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Neymətov, əməkdar artistlər Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Azər Mirzəyev mərhuma Allahdan rəhmət diləyərək, onun milli teatrımızın görkəmli nümayəndəsi Ağadadaş Qurbanovun ailəsində dünyaya göz açdığını diqqətə çatdırmış, çox gənc yaşlarından bu peşəyə meyil göstərdiyini, sonralar təkcə teatr səhnəsində deyil, eləcə də televiziya tamaşalarında və filmlərində yaddaqalan obrazlar yaratdığını qeyd etmişlər. Bildirilmişdir ki, böyük məharətlə oynadığı Mərcan (Ə.Əylisli, “Mənim nəğməkar bibim”), Sona xanım (İlyas Əfəndiyev, “Qonşu qonşu olsa, kor qız ərə gedər”), Çiçək (İ.Coşqun, “Ana laylası”), Gülarə (Ş.Xurşud, “Məhəbbət novellası”), Nabat (S.S.Axundov, “Tamahkar”), Mələk (Ə.Əmirli, “Ərizə”) və başqa surətlər onu tamaşaçıların sevimlisinə çevirmişdir.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Gülşən Ağadadaş qızı Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Mərasimdə vurğulanmışdır ki, istedadlı aktrisa və gözəl insan Gülşən Qurbanovanın əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!