Xalq Artisti Hüseynağa Sadıqovun 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 20 may (AZƏRTAC, Şahin Əliyev). Mayın 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Hüseynağa Sadıqovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş təntənəli xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə elm və mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak etmişlər.
Gecədə çıxış edənlər H.Sadıqovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışmış və onunla bağlı xatirələrini bölüşmüşlər.
Teatr tənqidçisi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycan teatrı tarixində silinməz izləri olan Hüseynağa Sadıqovun səhnəyə gəlişindən, oynadığı rollardan, örnək səhnə sevgisindən danışmışdır. Bildirmişdir ki, Hüseynağa Sadıqov XX əsr Azərbaycan teatrı tarixinə böyük aktyor kimi düşmüşdür. O, səhnə fəaliyyəti dövründə tamaşaçılar tərəfindən sevilmiş, fəxri adlar almış, ən əsası isə xalqın qəlbində özünə əbədi yer qazanmışdır. Onun filmlərinə, televiziya tamaşalarına baxanda aydın hiss edirsən ki, aktyor klassik səhnədən bəhrələnmişdir.
Diqqətə çatdırılmışdır ki, Hüseynağa Sadıqov teatr səhnəsində olduğu kimi, kinoda da bənzərsiz obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. O, “Azərbaycanfilm” Kinostudiyasında “Sehrli xalat”, “Səhər”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamızın babasının babası”, Moskvadakı M.Qorki adına kinostudiyada çəkilmiş “Ələddinin sehrli çırağı” və digər ekran əsərlərində müxtəlif səpkili obrazlar yaratmışdır.
Unudulmaz aktyorun sənət dostları görkəmli səhnə ustası ilə bağlı xatirələrini danışmış, onun ömrünə çıraq tutanlara minnətdarlıqlarını bildirmişlər.
Xatirə gecəsində Hüseynağa Sadıqov çəkildiyi filmlərdən parçalar nümayiş olunmuşdur.