MƏDƏNİYYƏT
XALQ ARTİSTİ RAMİZ QULİYEV OĞLU ƏYYUBLA İRANA YOLA DÜŞMÜŞDÜR
O, səfər ərəfəsində AZƏRTAC-ın müxbirinə demişdir ki, Tehran, Təbriz, Şiraz, Kirman, İsfahan və Zəncan şəhərlərində də oğlu ilə birlikdə çıxış edəcəkdir. İran Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək həmin konsertlər üçün xüsusi proqramlar hazırlanmışdır. Bütün konsertlər Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uverturası ilə başlayıb, həmin musiqi nömrəsi ilə də başa çatacaqdır.
Tanınmış tarzən bildirmişdir ki, iki hissəli konsertlərdə klassik muğam və təsniflərimiz, məşhur bəstəkarlardan Fikrət Əmirovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Qənbər Hüseynlinin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Ramiz Mirişlinin, habelə Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndiriləcəkdir.
Konsert proqramlarına İran musiqisi də salınmışdır. Ata və oğulu bir ay davam edəcək konsertlərdə pianoçu Zülfiyyə Sadıqova və Tehranın məşhur tarzəni Saket Keyvan müşayət edəcəklər.