Xalqın arzusundan və zamanın tələbindən yaranmış partiya
Bakı, 16 noyabr (AZƏRTAC). Ümummilli lider Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan ali sovetlərinə deputat seçilməklə yenidən fəal siyasətə başladı. Bir il sonra - 1991-ci il sentyabrın 3-də xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq kimi taleyüklü xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ulu Öndərin müstəqilliyinin və dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı bir tərəfdən, bütövlükdə, xalqımızın yekdil arzusundan irəli gəlirdisə, digər tərəfdən bu, tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv zərurət idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən Azərbaycanın bir qrup ziyalısı ulu öndər Heydər Əliyevə müraciət ünvanlayaraq hakimiyyətə qayıtmasını xahiş etmişdi. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verməsi də xahiş olunurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələblərinə müsbət cavab verərək bildirirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda keçirilən yığıncaqda səslənmişdir.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev məruzəsində bildirmişdir ki, 21 il əvvəl, ölkəmizdə xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik və vətəndaş qarşıdurmasının tüğyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyası xalqı birləşdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədi ilə yaradılmışdır. Müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərinə əsaslanan Yeni Azərbaycan Partiyası qısa zamanda cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrilmişdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Könül İsmayılova, partiya üzvü Südeyif Hacıyev bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə və siyasi xəttə əsaslanmaqla, hər bir partiya üzvü muxtar respublikada aparılan dövlətçilik və quruculuq işində yaxından iştirak edir. Bunu Ordubad rayonunun timsalında da görmək olar. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvləri hesabına genişlənməkdə və güclənməkdədir. Bu gün təşkilat öz sıralarında 5 min 545 partiya üzvünü birləşdirir. Onların 1733-ü gənclər, 2 min 562-si qadınlardır. Təkcə bu ilin ötən dövrü ərzində partiya sıralarına 232 yeni üzv qəbul edilmişdir.
Qeyd olunmuşdur ki, partiya üzvləri rayonun ictimai həyatında fəal iştirak edir, başqalarına nümunə olmağa çalışırlar. Son 18 ildə rayonda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işləri sayəsində əldə olunan nailiyyətlər partiya üzvlərini yüksək əhval-ruhiyyə və tükənməz şövqlə bu möhtəşəm quruculuq işlərində yaxından iştiraka sövq edir.