Xankəndidə dövlət bayrağımızın dalğalanması builki Zəfər Günü üçün ən gözəl hadisədir
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan xalqının Zəfər Gününü qürurla qeyd etdiyini, bu sevinci bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb. Bildirilib ki, bu gün azad olunmuş ərazilərdə bayrağımız məhz onların sayəsində dalğalanır.
Baş direktor çıxışı zamanı Azərbaycan xalqının ötən əsrin 90-cı illərində yaşadığı faciələrdən, müstəqilliyimizin ilk illərində dövlətimizə qarşı olan təhdidlərdən, torpaqlarımızın 20 faizinin işğal olunmasından, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkədəki xaosun aradan qaldırılmasından, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətti uğurla davam etdirməsindən də danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan islahatlara toxunan professor Qurban Yetirmişli 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyanın gördüyünü qeyd edib. Onun sözlərinə görə, bu gün dünyanın bir çox ölkələrində Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi döyüş taktikaları öyrənilir. 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən baş direktor bu ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı və başqa şəhərlərimizin də separatçılardan təmizləndiyini, bununla da Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini diqqətə çatdırıb: “Bu gün Xankəndində bizim dövlət bayrağımız dalğalanır. Bu, builki Zəfər və Bayraq günləri üçün ən gözəl hadisədir”.
Sonda tədbir iştirakçıları üçün Bakı Media Mərkəzinin istehsalı olan “İlham” sənədli filmi nümayiş etdirilib.