Xaricdə təhsil alanlar Azərbaycanın ali məktəblərinə köçürülərkən nəzərə alınan göstəricilər
Bakı, 1 fevral, AZƏRTAC
Xarici ölkələrin ali məktəblərindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən müəyyən göstəricilər nəzərə alınır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ali təhsil müəssisəsinə köçürülmək istəyən xaricdə oxuyan tələbənin təhsil aldığı ali məktəb dünya üzrə ən yaxşı reytinqlərdə olmalıdır. Tələbənin xaricdə əyani təhsil almalıdır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə azı 1000 bal, riyaziyyat üzrə azı 560 bal, TOEFL IBT imtahanından azı 75 bal, IELTS imtahanından ən azı 6.0 bal), akademik göstəriciləri qənaətbəxş olmalı, köçürülmə səbəbləri əsaslandırılmalıdır. DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalı və tələbənin akademik göstəriciləri qənaətbəxş olmalıdır.
Xatırladaq ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali məktəblərdən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən indiyədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.