XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Fevralın 21-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya xarici işlər nazirinin birinci müavini cənab Tetsuro Yano ilə görüşmüşdür.
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazir müavini Xələf Xələfov qonağı səmimi salamlayaraq, Yaponiya ilə Azərbaycan arasındakı əlaqələrə toxunmuş və 1998-ci ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərini ikitərəfli əlaqələrin inkişafının əsası kimi dəyərləndirmişdir. Yaponiya xarici işlər nazirinin birinci müavini cənab Tetsuro Yanonin Azərbaycana səfərini isə hökumətlərarası dialoqun davamı kimi qiymətləndirən Xələf Xələfov bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsində hər iki tərəfin səylərinin vacib olduğunu bildirmişdir.
Yaponiya xarici işlər nazirinin birinci müavini cənab Tetsuro Yano səmimi qəbula görə öz təşəkkürünü bildirərək, Azərbaycan ilə Yaponiya arasında çoxsahəli əlaqələrə və əməkdaşlığın dərinləşməsinə əhəmiyyət verildiyini önə çəkmiş, XİN-lərarası mühüm məsləhətləşmələri və qarşılıqlı təmasları dəstəklədiyini bildirmişdir. Cənab Yano həmçinin yaxın zamanlarda Azərbaycanın Yaponiyada səfirliyinin fəaliyyətə başlayacağına ümidvar olduğunu qeyd etmişdir. Nazir müavini, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığa görə Azərbaycan tərəfinə öz dərin təşəkkürünü bildirmişdir.
Daha sonra nazir müavini Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Yaponiya arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini önə çəkmiş, Yaponiyanın Azərbaycana verdiyi güzəştli kreditlərin Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi rol oynadığını bildirmişdir. Yaponiyanın Azərbaycana ayırdığı qrantlara görə təşəkkürünü bildirən nazir müavini səhiyyə, təhsil, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə qrantların verilməsinin davam etdirilməsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu söyləmişdir. Nazir müavini həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsini təqdirəlayiq hesab etmişdir.
Öz növbəsində cənab Tetsuro Yano Azərbaycan tərəfinin müvafiq təkliflərinə əsasən yeni güzəştli kreditlərin verilməsi və qrant yardımlarının artırılması məsələsinə Yaponiya hökuməti tərəfindən baxılacağını bildirmişdir. O, həmçinin Azərbaycanda yapon dilinə böyük maraq olduğunu qeyd edərək, bu sahədə tələbə mübadiləsinin həyata keçirilməsinə Yaponiya tərəfinin hazır olduğunu qeyd etmişdir.
Daha sonra nazir müavini Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat vermiş, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində gedən müzakirələr və səsvermə zamanı birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.