XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Aprelin 2-də Xarici İşlər Nazirliyində Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 10 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov iştirak etmişlər.
Xələf Xələfov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu ilin yanvarında Rusiya Federasiyasına dövlət səfərinin əhəmiyyətindən danışaraq vurğuladı ki, həmin səfər müstəqil Azərbaycanın və yeni müstəqil Rusiyanın münasibətləri tarixində silinməz iz buraxmışdır. Moskvada əldə edilmiş razılaşmaya əsasən, bu ilin iyununda Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçiriləcəkdir. Dahi rus şairi Aleksandr Puşkinin Bakıda abidəsinin açılışı kimi, bu hadisənin də dövlətlərarası münasibətlərin inkişafında böyük əhəmiyyəti olacaqdır.
Səfir Nikolay Ryabov dedi ki, Prezident Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycan sabitliyə, rifahın real surətdə artmasına nail olmuş, neft-qaz sektoruna sərmayələr qoyulmasından fayda götürmüşdür və tərəqqi yolu ilə qətiyyətlə irəliləyir. O, həmçinin vurğuladı ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana və Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya səfərlərinin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı üçün çox böyük əhəmiyyəti olmuşdur. Hər iki səfər çox uğurlu keçmiş, həmin səfərlər zamanı hər iki tərəf üçün faydalı olan danışıqlar aparılmış, gələcəyə yönəldilmiş çox mühüm sənədlər imzalanmışdır.
Nikolay Ryabov onu da bildirdi ki, dövlətlərimiz arasında diplomatik münasibətlərin 10-cu ildönümü ilə əlaqədar Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birlikdə məcmuə hazırlamışdır. Məcmuəyə həmin dövrdə imzalanmış bütün dövlətlərarası sənədlər daxil edilmişdir. Nikolay Ryabov dedi ki, səfirlik yubiley ilə əlaqədar humanitar xarakterli bir sıra tədbirlər də keçirəcəkdir. Məsələn, bir sıra məktəb və uşaq bağçalarına Rusiya və xarici ölkə klassiklərinin kitablarını bağışlamaq nəzərdə tutulur. Rusiya diplomatı cari ilin aprelində Azərbaycanda Rusiya mədəniyyəti günlərinin keçirilməsinin ikitərəfli mədəni münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələ olacağını vurğuladı.
Rusiya diplomatı bildirdi ki, iqtisadi əməkdaşlıq haqqında imzalanmış mühüm dövlətlərarası sazişlər ölkələrimizin işgüzar dairələrinin qarşılıqlı maraqlarını gücləndirməyə yol açmışdır. Aprelın əvvəllərində Bakıda hökumətlərarası komissiyanın 6-ci iclası keçiriləcəkdir. 2010-cu ilədək dövrdə uzunmüddətli iqtisadi əməkdaşlığa dair imzalanmış proqram komissiyanın fəaliyyəti üçün əsas olacaqdır.
Sonra Xələf Xələfov və Nikolay Ryabov jurnalistlərin suallarına çavab verdilər.