SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Roma papası II İohann Pavelin Azərbaycan, Gürcüstan və Ermənistandakı Apostol nunsiliyinin nümayəndəsi, arxiyepiskop Peter Zurbriggeni qəbul etmişdir.
Görüş zamanı nazir bildirdi ki, sivil ənənələrə rəğbət bəsləyən Azərbaycan xalqı hər zaman dinə bağlı olub və katolik məzhəbinin mərkəzi olan Vatikana rəğbətlə yanaşmışdır. Nazir Vilayət Quliyev həmçinin Roma papası II İohann Pavelin dünya xalqları arasında dialoq yaratmaq istəyini alqışlaşdırığını bildirdi.
Vatikan dövlətini həm də Azərbaycanda təmsil edən Peter Zurbriggen öz etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim etmişdir.
Nazir Vilayət Quliyev qonağa ölkəmizdəki mövcud vəziyyət, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ğörülən işlər, qaçqınların ağır durumu haqqında məlumat verdi. Daha sonra nazir II İohann Pavelin bu ilin sentyabrında Ermənistana nəzərdə tutulan səfərinə toxunaraq bildirdi ki, onun münaqişədə olan ölkələrin birinə, həm də indiki halda işğalçı kimi tanınan Ermənistana səfəri şəfqətə və diqqətli münasibətə, mənəvi dəstəyə daha çox ehtiyacı olan Azərbaycanda heç də birmənalı qarşılanmır və tam anlaşılmır.
Vatikanın səfiri bu haqlı iradla razılaşdığını bildirərək dedi ki, Roma papasının Azərbaycana səfəri gündəlikdə durur və mütləq həyata keçiriləcəkdir. O, özünün Tiflisdə oturmasına baxmayaraq Azərbaycanla, burada baş verən proseslərlə daim maraqlandığını, Dağlıq Qarabağ ətrafında münaqişənin tezliklə dinc yolla nizama salınacağına böyük ümid bəslədiyini bildirdi.
Görüşdə Azərbaycanla Vatikan dövləti arasında münasibətlərdən də söhbət getdi. Qeyd olundu ki, gələn il iki dövlət arasında diplomatik münasibətlər yaradılmasının on illiyi tamam olur. Söhbət zamanı Azərbaycandakı katolik icmasının vəziyyətinə və problemlərinə də toxunuldu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi edildi.