XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Aprelin 10-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadze ilə görüşmüşdür.
X.Xələfov iki ölkə arasındakı əlaqələrin inkişafından danışaraq, bunların strateji əməkdaşlıq səviyyəsinə qaldırılmasında Azərbaycan və Gürcüstan prezidentlərinin müstəsna rolu olduğunu bildirdi. Nazir müavini ölkələrimizin münasibətlərinin inkişafının məqsədyönlü getdiyini, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-ci ildə Gürcüstana səfəri zamanı imzalanmış Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik bəyannaməsinin bütövlükdə region üçün əhəmiyyətli olduğunu vurğuladı.
Cənab D.Tevzadze qarşılıqlı səfərlərin iki ölkə arasında informasiya mübadiləsinin möhkəmlənməsinə xidmət etdiyini, Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafının Gürcüstan üçün vacib olduğunu söylədi, enerji daşıyıcıları kəmərlərinin təhlükəsizliyi, terrorizmlə mübarizə, hərbi qüvvələrin yeni standartlara cavab verməsi sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışdı.
X.Xələfov regional layihələrin həyata keçirilməsində ümumi maraqların üst-üstə düşdüyünü, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı sahəsində əməkdaşlığın buna əyani misal olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.
Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev görüşdə iştirak edirdi.