SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
ABŞ-ın “Vaşinqton Tayms” qəzetinin 2001-ci il 23 dekabr tarixli sayında “Ermənistan və Azərbaycanın əhəmiyyəti” adlı məqalə dərc edilmişdir. Məqalədə qeyd edilmişdir ki, “Amerikanlılar onlar üçün uzaq ölkə sayılan Ermənistan və Azərbaycana ola bilsin ki, çox da yaxından bələd olmasınlar, fəqət 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-da baş vermiş dəhşətli terror hadisəsindən sonra keçmiş sovet respublikaları sayılan Ermənistan və Azərbaycan, aparılacaq antiterror əməliyyatına görə ayrılıqda ABŞ üçün əhəmiyyətli sayılacaqlar”. Redaksiyanın yazdığına görə “Burada yeganə maneə başlanğıcını 1988-ci ildən almış, Azərbaycanın tərkibində anklav olan, əksəriyyəti ermənilərdən ibarət Dağlıq Qarabağ uğrundakı münaqişədir”. Məqalədə o da qeyd olunmuşdur ki, guya Türkiyə və Azərbaycan dənizə çıxışı olmayan və hazırda ağır iqtisadi böhran keçirən Ermənistanı blokadada saxlayırlar. Və məhz bu amilə görə guya Birləşmiş Ştatlar Azərbaycana qarşı 907-ci düzəlişi sanksiya kimi tətbiq etmişdi. Məqalədə daha sonra qeyd edilmişdir ki, “terrorizmə qarşı mübarizədə ABŞ-a həmrəylik nümayiş etdirən Ermənistan və Azərbaycana minnətdarlıq əlaməti olaraq ABŞ tərəfindən komplimentar siyasət nümayiş etdirilmiş, yəni Ermənistana 4,3 milyon dollar həcmində yardım verilmiş, Azərbaycana qarşı tətbiq edilmiş sanksiyanın isə 2002-ci maliyyə ilində dayandırılması üçün Ağ ev tərəfindən Konqresə müraciət edilmişdir”. Ümumiyyətlə, məqalədən belə qənaətə gəlmək olar ki, guya 907-ci düzəlişin dayandırılması qərarını Ermənistan təmkin və anlamla qarşılamışdır \əslində isə həm Ermənistan rəhbərliyi, həm də ABŞ-dakı erməni lobbisi bu prosesə mane olmaq üçün əlindən gələni etmişdi\, lakin bununla belə, Ermənistana qarşı blokada aradan qaldırılmamışdır. Guya Ermənistan dövləti bütün bu çətinliklər fonunda dəyanət nümayiş etdirmiş və terrorizmə qarşı mübarizədə ABŞ-ın müttəfiqlərə olan ehtiyacını qiymətləndirərək öz düzgün seçimini etmişdir.
Qəzetdə adı gedən məqaləyə cavab olaraq, Azərbaycan Respublikasının Varşinqtondakı səfiri Hafiz Paşayevin “Vaşinqton Tayms” qəzetinin 2001-ci il 28 dekabr tarixli sayında “ABŞ-ın Azərbaycana qarşı digər tarixi zərurətdən doğan sanksiyaları” adlı məqaləsi dərc edilmişdir. Məqalədə arqumentli dəlillərlə çıxış edən səfir Hafiz Paşayev yazır: “Göstərirsiniz ki, amerikanlılar regionda olan reallıqlar barədə dolğun məlumata malik deyillər. Bu məsələyə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın 20 faizinin işğal altında olması, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi kontekstindən yanaşsaq, tamamilə doğrudur. Əfsuslar olsun ki, bu faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınsa da, hətta bu sahədə yazan bəzi mütəxəssislər də ya bilərəkdən, ya da qeyri-ixtiyari olaraq hazırkı reallıqları olduğu kimi təqdim etmirlər. Məhz bu kimi məlumatsızlığın nəticəsidir ki, erməni lobbisi münaqişə tərəfləri arasında ticari əlaqələrinin kəsilməsinə “blokada” donu geyindirmiş və ABŞ konqresini özlərinin yalan təbliğatları ilə çaşqınlığa salaraq 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunmasına sövq etmişlər”. Səfir Hafiz Paşayev məqalədə daha sonra ermənilərin dırnaqarası dözümlülüyü məsələsinə toxunaraq bildirmişdir: “amerikanlıların Azərbaycana qarşı sanksiyasının yumşaldılması məsələsinə ermənilərin “lütfkarlıqla” yanaşması və “dözümlülük” nümayiş etdirməsi məsələsinə gəldikdə isə əsl həqiqəti ortaya qoyub demək istəyirəm ki, ABŞ-da baş vermiş 11 sentyabr terror hadisəsindən sonra məhz Ermənistan prezidenti özü kəskin şəkildə çıxış edərək 907-ci düzəlişin hər hansı bir modifikasiyasına qarşı çıxmış və eyni zamanda Vaşinqtona əks təbliğat üçün yüksək rütbəli erməni nümayəndələri göndərmişdir”.
Məqaləsinin sonunda səfir Hafiz Paşayev Buş adminstrasiyasının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərini yüksək dəyərləndirmiş və ABŞ konqresinin 907-ci düzəlişin aradan qaldırılması ilə bağlı prezidentə verdiyi səlahiyyətlərini ABŞ-ın dünya siyasətində dağıdıcı separatçılığa qarşı, insani dəyərlərin qorunması uğrunda mübarizəsi kimi qiymət vermişdir.