Xərçəng şişləri gecə vaxtı daha sürətlə inkişaf edir
Epidermal inkişaf faktoru reseptoru (EGFR) hüceyrələrin, o cümlədən xərçəng hüceyrələrinin artmasına və onların miqrasiyasına səbəb olur. Gündüz saatlarında digər reseptorlar bu reseptorun fəaliyyətinin qarşısını alır. Odur ki, EGFR gecələr fəaliyyətə başlayır, xərçəng hüceyrələrinin inkişafına və yayılmasına şərait yaradır. Alimlər hesab edirlər ki, onların bu kəşfi müalicə metodlarına təsir göstərə bilər. Məsələn, EGFR-i sakitləşdirən xərçəng əleyhinə preparatlar gecə vaxtı daha səmərəli təsir göstərir.
Alimlər eksperiment zamanı döş xərçənginin müalicəsində istifadə olunan lapatinib preparatının təsirini yoxlayıblar. Onlar EGFR-in təsirini azaltmaq üçün nəzərdə tutulan bu preparatı günün müxtəlif saatlarında xəstə laboratoriya siçanlarına verməyə başlayıblar. Nəticədə müxtəlif qruplarda olan siçanların şişlərinin ölçüləri arasında xeyli fərq müəyyən ediblər. Bu fərq xərçəng əleyhinə dərmanın gəmiricilərə hansı saatda - gecə və gündüz saatlarında verilməsindən asılı olub. Alimlər belə bir qənaətə gəliblər ki, şişə qarşı dərmanlar gecə saatlarında daha səmərəlidir.