Xərçəng xəstəliklərinin inkişafı heyvan mənşəli məhsulların qəbulu ilə ciddi şəkildə əlaqəlidir
Bakı, 23 mart (AZƏRTAC). Xərçəng xəstəliklərinin inkişafı həyat tərzi, o cümlədən siqaret və heyvan mənşəli məhsulların qəbulu ilə ciddi şəkildə əlaqəlidir.
Bu məlumat Dünya Səhiyyə Təşkilatının 2008-ci il üçün xərçəng xəstəlikləri ilə bağlı topladığı göstəricilərdə əks olunmuşdur. Göstəricilərdə xərçəngin 157 ölkədə 21 növü nəzərdə tutulmuşdur. İnsanların qida rasionundakı dəyişikliklərlə xərçəngə yoluxmanın ən yüksək göstəriciləri arasındakı vaxt təxminən 20 ili əhatə etmişdir. Ət, balıq və yumurta heyvan məhsulları indeksinə daxil edilmişdir. Ağciyər xərçənginin göstəricilərindən isə siqaret çəkmə və çirkli hava effektləri indeksi qismində istifadə olunmuşdur.
Nəticədə xərçəngin yayılma indekslərinin 50 faizindən artıq göstəricisini 87 ölkədə siqaret çəkmə və heyvan məhsullarından istifadə ilə izah etmək mümkün olmuşdur. Xərçəngin yaranma səbəblərindən biri spirtli içkilərin qəbulu ilə əlaqələndirilmişdir. Kişilər üçün siqaret çəkmə, qadınlar üçün isə qida rasionu əsas amil olmuşdur.
Meddaily.ru saytının məlumatına görə, heyvan məhsulları xərçəngin inkişafına səbəb ola bilər. Onlar bədənin toxumaları kimi şişlərin də inkişafını fəallaşdırır. Əvvəllər yaponların qida rasionunun 10 faizini heyvan məhsulları təşkil edirdi. Hazırda isə bu göstərici 20 faizdir. Buna görə də son 20-30 ildə xərçəngə yoluxma səviyyəsində artım müşahidə edilir.