Xəstənin müalicəsi gecikdirildiyi halda oynaqdaxili sınıqların əlilliyə səbəbolma ehtimalı artır
Bakı, 19 noyabr, AZƏRTAC
Hər iki Qarabağ müharibəsinin iştirakçısı kimi deyə bilərəm ki, Vətən müharibəsində yaralanmalar daha ağır idi. Bu da daha müasir və ağır silah növlərindən istifadə ilə bağlı idi. Həmin yaralanmalar daha çox diqqət tələb edir.
Bunu AZƏRTAC-a Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin (“AO Trauma”) Avropa bölümü və bu qurumun Azərbaycan üzrə sədri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin elmi rəhbəri, tibb elmləri doktoru Aydın Qəhrəmanov deyib.
Mütəxəssisin sözlərinə görə, travmatologiya müharibə üçün çox gərəkli sahədir. Odur ki, həkimlərin bilik və bacarıqlarını mütəmadi olaraq artırmaq hər zaman ön plandadır: “AO Trauma” Cəmiyyətinin məramı və məqsədi travmatoloq və ortopedlərin bütün dünyada təhsil səviyyəsini qaldırmaqdır. Yəni, məqsəd həm təhsil, həm də praktik biliklərə yönəlmiş tədbirlər həyata keçirməkdir. Bugünkü tədbir yuxarı ətrafların - həm bazu, həm dirsək, həm də oynaqların sınıqlarına həsr olunub. Oynaqların sınıqları ağır qrup sınıqlara aiddir. Xəstənin müalicəsi gecikdirildiyi halda oynaqdaxili sınıqların əlilliyə səbəbolma ehtimalı artır. Digər yandan yanlış müalicə və əməliyyat metodları seçildikdə həmin sınıqlar əlilliyə səbəb ola bilər. Bir tərəfdən də bəzən nə həkimdən, nə də xəstədən asılı olmayan amillər var. Yəni, oynağın konfiqurasiyası və sınığın mürəkkəbliyi bir sıra hallarda oynaqlarda hərəkət azalmasına gətirib çıxara bilir”.