Xətai Bağırov: Belarus millisi ilə oyunda səhvlərdən qaça bilmədik
Bakı, 27 avqust, AZƏRTAC
Oyuna yaxşı başlamışdıq. Buna görə də hesabı açdıq. Ancaq səhvlərdən qaça bilmədik. Rəqib oyun ərzində hansısa fantastik çıxışla yadda qalmadı. Sadəcə, bizim səhvlərimiz çox oldu. Mövsümün əvvəlidir, hələ çempionat başlamayıb. Buna görə də heç birimiz tam formada deyilik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Minskdə futzal üzrə Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan yığmasının üzvü Xətai Bağırov deyib.
Futzalçı bildirib ki, qarşılaşmanı iki “dördlük”lə oynadıq. Bir yerdə az oynadığımız üçün anlaşılmazlıq var. Bunlar tədricən düzələcək. Bu, yay fasiləsindən sonra millinin heyətində ilk oyunumuz idi. Oynadıqca, problemlər aradan qalxacaq.
“Konsantrasiya pis deyildi. Yenə deyirəm, bunlar mövsümün əvvəlinə xas olan çatışmazlıqlardır. Çempionat başladıqdan sonra hər şey qaydasına düşəcək. Oyun zamanı 1-2 epizodda konsantrasiya pozuldu. Oyunun videosuna baxacağıq. Baş məşqçi problemləri deyəcək. İkinci oyuna daha yaxşı hazırlaşacağıq”, - deyə futzalçı əlavə edib.
Qeyd edək ki, Minskdə təşkil olunan yoldaşlıq oyunu Belarus millisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.
Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.