Xətai rayonunda 116 min 616 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur
Bakı, 3 aprel (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Xətai rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Görülən işlərin nəticəsidir ki, rayon əhalisi tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edirlər. Rayon ərazisindəki tibb müəssisələrində yaradılmış şəraitdən müayinələrdən keçən sakinlər razılıqlarını bildirirlər.
Rayon icra hakimiyyətinin nümayəndəsi Zaməddin Əkbərov AZƏRTAC-a bildirmişdir ki, icbari dispanserizasiyanın həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Bizim də əsas vəzifəmiz bu humanitar aksiyanın müvəffəqiyyətlə başa çatdırılmasına nail olmaqdır. İndiyədək rayon üzrə 116 min 616 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur. Onlardan 16 min 479 nəfərə ambulator, 685 nəfər stasionar müalicə kursu təyin edilmişdir.
6 nömrəli şəhər poliklinikasının baş həkmi Yalçın Məmmədov demişdir ki, rəhbərlik etdiyi müəssisə Dövlət Proqramının icrasına uyğun olaraq 2012-ci ildə əsaslı təmirdən çıxmış və ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bu isə poliklinikaya gələn vətəndaşların yüksək səviyyədə müayinə olunmaları üçün imkan yaradır. O bildirmişdir ki, gün ərzində təqribən 250-dən artıq rayon sakini ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirilir. Bu günədək poliklinikada 6 min 370 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 147 nəfəri nəzarətə götürülmüş, 123 nəfəri isə müxtəlif xəstəxanalara göndərilmişdir. Bundan başqa, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Poliklinikanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Zümrüd Balaməmmədova vurğulamışdır ki, indi müayinə olunmaq üçün heç də xaricə getməyə ehtiyac yoxdur. Belə yaraşıqlı səhiyyə ocağı ancaq Avropa ölkələrinin klinikaları ilə müqayisə oluna bilər. Bu imkanı vətəndaşlarımıza Prezident İlham Əliyev yaratmışdır. Buna görə dövlətimizin başçına təşəkkür edirəm və ona cansağlığı arzulayıram.
Rayon sakini Valeh Novruzov isə demişdir: “Məndə mədə-bağırsaq problemi var idi. Müayinə olundum, həkimlər mənə müalicə kursu təyin etdilər. Dövlətimizin başçısına minnətdarlıq edirəm ki, bizim sağlamlığımızın qeydinə qalır”.