Xətai rayonunda 203 mindən çox sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilmişdir
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığı Bakının Xətai rayonunda uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, başqa günlərdə olduğu kimi, aprelin 29-da da rayon ərazisində yerləşən 38 nömrəli şəhər poliklinikasında sakinlərin tibbi müayinəsi qrafik əsasında aparılmışdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada vətəndaşların rahat şəkildə müayinə olunmaları üçün bütün lazımi şərait yaradılmışdır. Sakinlərin müayinələrdə mütəşəkkil surətdə iştirak etmələri onu göstərir ki, rayonda aksiya ilə bağlı məlumatlandırma işləri yüksək səviyyədə təşkil olunmuşdur.
Poliklinikanın baş həkimi İmamverdi Rzayev rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu demişdir. Qeyd etmişdir ki, poliklinika 53 min rayon sakininə xidmət edir. Bundan əlavə, poliklinikanın təcrübəli həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Bildirilmişdir ki, poliklinikada indiyədək 38 min 774 nəfər rayon sakini hərtərəfli müayinə olunmuşdur.
Rayon sakini Mənzər İsmayılova poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirmişdir. O demişdir ki, nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən təmir edilərək müasir avadanlıqlarla təmin olunur. Bu, hər şeydən əvvəl, dövlət başçısının öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir.
Rayonun digər sakini Şəfiqə Axundova isə demişdir: “Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünü alqışlayıram. Bütün müayinələrdən keçdim, öz sağlamlığım barədə ətraflı məlumat əldə etdim. Buna görə dövlət başçına təşəkkür edirəm”.
Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva demişdir ki, qarşıda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya müayinələrin gedişini gündəlik nəzarətdə saxlayır, əhali arasında təbliğat-təşviqat işlərini davam etdirir. Görülən işlərin nəticəsidir ki, bu günədək rayon üzrə 203 mindən çox sakin müayinədən keçmişdir. Onlardan 20 min 895 nəfərinə ambulator, 701 nəfərinə isə stasionar müalicə kursu təyin edilmişdir.
Qeyd edilmişdir ki, tibbi müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bütün bunlar Prezident İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Ən başlıcası, Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin pulsuz tibbi müayinədən keçməsini də təmin etmişdir.