Xətai rayonunda bir gecədə 11 avtomobildən oğurluq edən şəxs yaxalanıb
Bakı, 8 aprel, AZƏRTAC
Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları Gəncə şəhər sakini Nicat Qasımzadəni N.Əliyev küçəsində cinayət başında yaxalayaraq ərazi üzrə 37-ci polis şöbəsinə təhvil veriblər. Saxlanılan şəxslə bağlı 37-ci polis şöbəsində araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə bu cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib.
Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından barəsində həbs qətimkan tədbiri seçilməyib.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan min manat ələ keçiriblər. Dəstə üzvlərinin bir neçə gün əvvəl Xətai rayonunun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı 37-ci polis şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.