Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsi keçirilmişdir
Bakı, 17 fevral (AZƏRTAC). Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin HƏRTƏRƏFLİ tibbi müayinədən keçməsini də təmin etmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 17-də Bakının Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi keçirilmişdir. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müşavirədən sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlamışdır.
J.Abdıyeva demişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
Poliklinikanın baş həkimi İmamverdi Rzayev isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini demişdir. Qeyd edilmişdir ki, poliklinika 68 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.
Rayonun 64 yaşlı sakini Zərqələm Allahverdiyeva poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirir. O demişdir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bugünkü aksiya onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev, həm də onların sağlamlıqlarının qeydinə qalır.
Rayon sakini Rəna Bucaqova isə demişdir: - Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına təşəkkür edirəm.