Xəzər dialoqunun perspektivləri mövzusunda tədbir keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Xəzərin problemlərinə həsr olunmuş videokonfransların yekunu ilə bağlı Xəzər dialoqunun perspektivləri mövzusunda tədbir keçirilib. Tədbirdə dünyada və regionda baş verən proseslər fonunda Xəzər dialoqunun inkişaf perspektivləri, Xəzərdə iqtisadi əməkdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və siyasi dialoqun inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, videoformat şəklində keçirilən tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin “Şimal-Cənub” politologiya mərkəzi, “Trend” İnformasiya Agentliyi və “BakuNetwork” analitik ekspert şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutub.
“Rossiya Seqodnya”nın Multimedia mətbuat mərkəzinin baş prodüseri Oksana Buryakın moderatorluq etdiyi videokonfransda bildirilib ki, 2018-ci il avqustun 12-də Aktauda Xəzəryanı dövlətlərin başçılarının zirvə görüşü keçirilib və sammitin yekununda Xəzərin hüquqi statusuna dair Xəzər Konvensiyası imzalanıb. Bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib. Həmçinin diqqətə çatdırılıb ki, hər il avqustun 12-si Xəzər Dənizi Günü kimi qeyd olunur və bu tarix dəniz mühitinin qorunması ilə bağlı Tehran Çərçivə Konvensiyasının ratifikasiyası ilə üst-üstə düşür.
“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, “BakuNetwork” analitik mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə, “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad İbrahimov, Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər üzrə Elmi-Tədqiqat İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin baş elmi işçisi, beynəlxalq münasibətlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin, Qazaxıstan Respublikası Parlamentinin senat sədrinin müşaviri Janar Tulindinova və “Sputnik-Azərbaycan” multimedia Mətbuat mərkəzinin rəhbəri, politoloq, jurnalist İlqar Vəlizadə çıxış edərək dünyada və regionda baş verən proseslər fonunda Xəzər dialoqunun inkişaf perspektivlərini müzakirə ediblər.
Natiqlər Xəzəryanı ölkələr arasında iqtisadi münasibətlərin davamlı inkişaf etdirilməsinin və genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə, həmçinin Xəzər dənizinin ekologiyasının qorunmasının vacibliyi, Xəzəryanı ölkələrdə turizmin inkişafı, qarşılıqlı investisiyaların yatırılması, qarşılıqlı ticarət əlaqələri, vahid nəqliyyat dəhlizinin yaradılması, eləcə də coğrafi cəhətdən əlverişli mövqedə yerləşən İranın Xəzər Konvensiyasına qoşulmasının imkanları barədə danışılıb.