Xəzər rayonunda 5 minə yaxın sakin tibbi müayinədən keçmişdir
Bakı, 22 fevral (AZƏRTAC, Elçin Hüseynov). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Dövlət başçısının fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakının Xəzər rayonunda da sakinlərin tibbi müayinəsi uğurla keçirilir. Mərdəkandakı 26 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkil edilməsini göstərir.
Tapşırığın icrası ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış, komissiya və işçi qrupu yaradılmışdır. Rayonun səhiyyə müəssisələrində müayinələrin aparılması üçün hazırlıq işləri görülmüşdür. Sakinlər tibbi müayinə barədə məlumatlandırılmışlar.
Rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev bildirmişdir ki, əsas vəzifə ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Rayon üzrə 18 yaşdan yuxarı 90 mindən çox sakin bu kampaniyadan faydalanacaqdır. Müayinələrin ilk günündə rayon ərazisində fəaliyyət göstərən bütün tibbi müəssisələrə çoxlu sayda vətəndaş müraciət edərək müayinələrdən yararlanmışdır. Rayon sakinləri ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçmişlər. Fevralın 17-dən indiyədək rayonun 5 minə yaxın sakini tibbi müayinədən keçmişdir.
Xəstəxananın baş həkimi Telman Novruzov rəhbərlik etdiyi tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparır. həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda, qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri ölkə başçısının bu təşəbbüsünü minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən Vəlağa Əliyev rayon sakinləri adından onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.