Xəzər rayonunun 28 minə yaxın sakini tibbi müayinədən keçmişdir
Bakı, 27 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığına uyğun olaraq Bakının Xəzər rayonunda da sakinlərin tibbi müayinəsi uğurla aparılır. Binə qəsəbəsindəki 29 nömrəli birləşmiş şəhər xəstəxanasında rayon sakinləri mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmuşlar.
Rayon icra hakimiyyəti başçısının müavini Lalə Əhmədova bildirmişdir ki, əsas vəzifə ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. İndiyədək rayonun 27 min 446 sakini tibbi müayinədən keçmişdir. Onlardan 3 min 226 nəfəri ambulator, 346 nəfəri isə stasionar müalicəyə cəlb olunmuşdur.
Xəstəxananın baş həkimi Hafiz Tağıyev rəhbərlik etdiyi tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparır. həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda, qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkarlanan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri xəstəxananın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən Adilə Şirəliyeva rayon sakinləri adından onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.