Xəzər rayonunun 43 minə yaxın sakini tibbi müayinədən keçmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq Bakının Xəzər rayonunda da sakinlərin tibbi müayinəsi uğurla aparılır. Şüvəlan qəsəbəsindəki ən müasir avadanlıqla təchiz olunmuş 31 nömrəli birləşmiş şəhər xəstəxanasında da rayon sakinləri mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmuşlar.
Xəstəxananın baş həkimi Abbasqulu Bağırov bildirmişdir ki, indiyədək 2 min 300 sakini tibbi müayinədən keçmişdir. Onlardan 800 nəfəri ambulator, 86 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 429 nəfərdə isə müxtəlif xəstəliklər aşkar olunmuşdur. Xəstəxanada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda, qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri xəstəxananın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən Ağacəfər Həsənov rayon sakinləri adından onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
İndiyədək Xəzər rayonu üzrə 43 minə yaxın nəfər tibbi müayinədən keçmişdir.