Xəzər rayonunun 7 mindən artıq sakini tibbi müayinədən keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Bakının Xəzər rayonunda müvafiq komissiya yaradılıb. Komissiya tibbi profilaktik müayinələrin vaxtında aparılması üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr rayon ərazisindəki 14, 26, 29, 31 saylı birləşmiş şəhər xəstəxanalarında, 17 saylı poliklinikada və Zirə Müalicə Diaqnostika Mərkəzində aparılır və bu tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.
Dövlət başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri həvəslə profilaktik tibbi müayinələrdən keçirlər. Fevralın 2-dən bugünədək 7 mindən artıq rayon sakini müayinə olunub. Sağlamlıqlarında problem olan sakinlər müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon icra hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir.
Rayon üzrə 106 min 132 nəfərin müayinədən olunması nəzərdə tutulub.