XİN-İN NÜMAYƏNDƏ HEYƏTİ MACARISTANDA SƏFƏRDƏ OLMUŞDUR
Noyabrın 30-da X.Xələfov Macarıstanın xarici işlər naziri Kingi Gents ilə görüşmüşdür. Danışıqlarda Azərbaycan-Macarıstan ikitərəfli münasibətləri, onların daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Xanım Gents demişdir ki, Azərbaycanın Macarıstanda səfirliyi açıldıqdan sonra iki ölkə arasında münasibətlər xeyli güclənmiş və nəinki siyasi sahədə, həm də iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələr yaradılmasında diplomatik nümayəndəliyin fəaliyyəti təqdirəlayiqdir.
Görüşdə Avropanın enerji bazarının təmin edilməsi, hər iki ölkənin parlamentləri, işgüzar dairələrinin nümayəndələri arasında qarşılıqlı münasibətlər kimi sahələrdə ikitərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanmış, əməkdaşlığın bir çox sahələrini əhatə edən sazişlərin layihələrinin sanballı paketinin hazırlandığı bildirilmişdir. Onların imzalanması Azərbaycan-Macarıstan əməkdaşlığının genişlənməsinə təkan verəcəkdir.
Səfər zamanı X.Xələfovun Macarıstan parlamenti sədrinin müavini Qabor Vilaqoşi və Parlamentlərarası İttifaqın sədri Qabor Xarşla da görüşləri olmuşdur. Danışıqlarda parlamentlərarası əlaqələrin möhkələnməsi məsələləri müzakirə olunmuş, bu əlaqələri genişləndirmək, ticarət və investisiyalar sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək yolları nəzərdən keçirilmişdir.
Elə həmin gün Azərbaycan xarici işlər nazirinin müavini Macarıstan Ədliyyə Nazirliyinin dövlət katibi Fenets Kondoroşi ilə də görüşmüşdür. Danışıqlarda hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlıq, hüquqi sahədə qarşılıqlı yardım məsələləri müzakirə edilmişdir.
İqtisadiyyat və Nəqliyyat Nazirliyinin dövlət katibi Mikloş Mereni ilə görüşdə isə energetika sahəsi də daxil olmaqla, iqtisadi məsələlərin müzakirəsi diqqət mərkəzində olmuşdur.
Görüşlərdə Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov iştirak etmişdir.
Dekabrın 1-də XİN-in nümayəndə heyəti Vətənə yola düşmüşdür.