Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir
Qax, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən iyirmi beş il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxan Xocalı faciəsinin ildönümü respublikamızın şimal-qərb bölgəsi rayonlarında da silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 24-də Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları rayon təhsil şöbəsinin inzibati binasının foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Anım tədbirində çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, öz miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi.
Tədbirin sonunda rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar fevralın 24-də Balakəndə keçirilən anım tədbirində səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Qarabağ müharibəsində şəhid olan igid həmyerlilərin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzüblər.
Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsindən bəhs edən rəsm sərgisi ilə tanış olub, mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.
Tədbirdə bildirilib ki, bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.