Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Buxarestdə anım tədbiri keçirilib
Buxarest, 24 fevral, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvlərinin, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tarixboyu Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıblar. Tədbirdə “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verilib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb.
Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib.
Səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest