XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ SANKT-PETERBURQDA QEYD EDİLMİŞDİR
Azərbaycanin Sankt-Peterburqdakı fəxri konsulluğu bu şəhərdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə birgə fevralın 22-də Leninqrad gənclər sarayında Xocalı faciəsinin 11-ci ildönümünə həsr olunmuş mərasim keçirmişdir.
Konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun başçıları, şəhər hakimiyyətinin və beynəlxalq təşkilatların rəhbərləri, burada fəaliyyət göstərən icmaların nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları ilə bərabər 400 nəfərə yaxın soydaşımız iştirak etmişdir. Tədbirdə fəxri konsul Qudsi Osmanov çıxış edərək Xocalı faciəsini XX əsrin ən dəhşətli müsibətlərindən biri olduğunu vurğulamış və beynəlxalq aləm tərəfindən bu soyqırımına hüquqi-siyasi qiymət verilməsinə nail olmağın vaxtı çatdığını demişdir.
Sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Rizvan Əliyev çıxış edərək, fevralın 22-dən 26-dək xarici məmləkətlərdə Xocalı faciəsi ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat vermiş və hazırda komitənin əməkdaşlarının bu tədbirlərdə iştirak etmək üçün 12 ölkədə səfərdə olduğunu demişdir.
Tədbirdə çıxış edən natiqlər Prezident Heydər Əliyevin Azərbaycan torpaqlarının azad olunması üçün apardığı sülhməramlı siyasəti dəstəklədiklərini bildirmiş, dövlətimizin ərazi bütövlüyünün bərpası və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması səylərini artırmağın vacibliyini vurğulamışlar.
Azərbaycanın Xocalı şəhərinin sağ qalmış sakinlərinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına müraciətinin mətni diplomatik kanalla Sankt-Peterburqda akkreditə olunmuş 37 ölkənin nümayəndəliklərinə və mərasim iştirakçılarına çatdırılmışdır.
Mərasimdə erməni silahlı birləşmələrinin keçmiş SSRİ-yə məxsus 366-cı alayın bilavasitə iştirakı ilə törətdikləri vəhşilikləri əks etdirən fotosərgi açılmış, bir saatlıq sənədli film nümayiş edilmişdir.
Tədbirin sonunda milli adət-ənənəmizə uyğun olaraq ehsan verilmişdir.