Xocalı hadisələrinin şahidi: Qohumlarımı ermənilər xüsusi qəddarlıqla qətlə yetiriblər
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Xocalı şəhərinin erməni silahlı dəstələri tərəfindən bir gecədə yerlə-yeksan edilməsindən, xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışıb. O, tariximizə yazılan bu qanlı hadisənin gənc nəsil tərəfindən hər zaman yad edilməsinin vacibliyini vurğulayıb.
İnstitutun texnologiya şöbəsinin böyük elmi işçisi, əslən Xocalıdan olan Əkbər Kərimov isə bu hadisələrin canlı şahidi olduğunu, qohumlarının ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini söyləyib.
Tədbirdə Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.