Xocalı ilə bağlı həqiqətlər dünyada sürətlə yayılır
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Ankaradakı Bilkənt Universitetində də anım tədbiri keçirilmişdir.
Bilkənt Universitetində təhsil alan azərbaycanlı gənclər tərəfindən təşkil edilən tədbirə Türkiyədən və başqa ölkələrdən olan tələbələr də qatılmışlar.
Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Anım tədbirində xarici tələbələrin iştirakı nəzərə alınaraq ingilis dilində səsləndirilən çıxışlarda ermənilərin 22 il əvvəl Xocalıda törətdikləri soyqırımı ilə bağlı ətraflı məlumat verilmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva və Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova gəncləri Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında daim fəal iştirak etməyə çağırmışlar.
Milli Məclisin deputatı Rüstəm Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə söz sahibinə çevrilən, qüdrətli dövlətə çevrilən Azərbaycanın işğal altındakı torpaqları azad edərək şəhidlərin qanını yerdə qoymayacağını bildirdi.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Türkiyədəki əlaqələndiricisi Gözdə Kılıç kampaniya çərçivəsində görülən işlər haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, son illərdə Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu və qurumun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Türkiyədə və dünyada Xocalı ilə bağlı həqiqətlər sürətlə yayılır.
Tədbir ermənilərin Xocalıda törətdikləri qətliamı əks etdirən filmin nümayişi ilə başa çatmışdır.