Xocalı qətliamı XX əsrin ən dəhşətli soyqırımlarından biridir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı qətliamı XX əsrin ən dəhşətli soyqırımlarından biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən 189-190 nömrəli tam orta məktəbdə keçirilən anım mərasimində səsləndirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Vurğulayıb ki, bu qətliamın qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiqləyir. Bu soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Təkcə bir gecədə Xocalı şəhəri Yer üzündən silinib.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan Ş.Hacıyev diqqətə çatdırıb ki, Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışan YAP Səbail rayon təşkilatının sədri ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin, ABŞ-ın 20-dən çox ştatının, həmçinin bəzi beynəlxalq təşkilatların Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul etdiklərini vurğulayıb.
Sonda məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.