Xocalı soyqırımı – dünyada misli görünməmiş bir vəhşilik
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb.
Azərbaycanın siyasi və diplomatik uğurlarından bəhs edən X.Yahudov diqqətə çatdırıb ki, beynəlxalq güclərin ölkəmizə qarşı ikili yanaşmasına baxmayaraq, bu gün dünyanın bir çox ölkələri Xocalıda baş verən dəhşətli qətliamı soyqırımı kimi tanıyıb və bununla bağlı rəsmi sənədlər qəbul olunub.
Qətliamın tarixi aspektləri haqqında məlumat verən AzTU-nun ictimai fənlər kafedrasının baş müəllimi Arif İbrahimov bildirib ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş böyük bir cinayətdir. Tariximizə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.
Xocalı sakini Allahverdi İmanov şahidi olduğu həmin gecənin görünməmiş bir dəhşət olduğunu deyib. Qeyd edilib ki, Xocalıya hücum zamanı əhali ən zəruri əşyalarını belə götürməyə imkan tapmayıb. Xocalı sakinlərinin əksəriyyəti yüngül geyimdə qaçmağa məcbur qaldığı üçün sərt qışın soyuğuna tab gətirə bilməyib müxtəlif dərəcəli donvurmanın qurbanına çevriliblər. Xocalılıların təxliyəsi üçün yaradılan “azad dəhliz”də pusqu quran ermənilərin niyyəti hər kəsi bir nəfər kimi öldürmək olub. Mənfur düşmən buna nail ola bilməsə də, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər şikəst olub. 1275 dinc sakin girov götürülüb.
AzTU-nun tələbəsi Ziya Bayramov vurğulayıb ki, onun yaşıdları bu bəşəri cinayətin şahidi olmasalar da, qətliamın miqyası və dəhşəti Xocalı haqqında tam məlumatın əldə olunmasına, soyqırımı kimi qəbul edilməsinə birmənalı şəkildə imkan verir.
Sonda Xocalı soyqırımı haqqında ədəbi-bədii kompozisiya və sənədli film nümayiş olunub.