Xocalı soyqırımı ilə bağlı Qars Qafqaz Universitetində izdihamlı toplantı keçirilib
Qars, 1 mart, АZƏRTAC
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu və Qars Qafqaz Universitetinin birgə təşkilatçılığı əsasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Qars Qafqaz Universitetində təşkil olunan mərasimdə rəsmi şəxslər, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Xocalı şəhidlərinin ruhuna “Qurani -Kərim”dən ayələr oxunub.
Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev, Qars Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Yaqub Yıldız, AMEA-nın professoru Vəli Baxşəliyev və Qars Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının baş verməsinin səbəblərinin ayrı-ayrı istiqamətlərindən bəhs olunub. Diqqətə çatdırılıb ki, erməni vandallar XIX əsrin sonlarından başlayaraq bütün dövrlərdə dəyişən ictimai-siyasi şəraitlərə uyğun olaraq Azərbaycan və Türkiyədə xəyanətkar mövqe nümayiş etdirərək xalqlarımıza qarşı amansız cinayətlər törədiblər. Xocalı soyqırımı da bu cinayətlərin davamı və ən amansızı olaraq tarixə yazılıb. Yer üzündə bir daha belə cinayətin baş verməməsi üçün Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə müfəssəl məlumat verilməli, onun soyqırımı aktı kimi tanınmasına nail olunmalıdır. Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən verilib və parlament onu soyqırımı aktı kimi tanıyıb. Hazırda bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampanıyası çərçivəsində uğurla davam etdirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars