Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindəndir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gülçöhrə Məmmədova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını vurğulayıb. Həmin gecə erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğınlar XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb. Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını xatırladan G.Məmmədova diqqətə çatdırıb ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən professor Həvva Məmmədova bu həyəcanlı və ağrılı tarixin böyük insan tələfatı ilə nəticələndiyini vurğulayıb. Bildirilib ki, dövlətimiz soyqırımın dünya səviyyəsində tanınması və təbliği, düzgün qiymətləndirilməsi istiqamətində kifayət qədər işlər görür. O deyib: “İkili standartlar səbəbindən haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşirik”.
H.Məmmədova qeyd edib ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası nəticəsində artıq bir sıra dünya dövlətləri Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gənc nəslə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.
Sonda G.Nərimanın müəllifi olduğu “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.