Xocalı soyqırımına həsr olunmuş növbəti rəsm sərgisi
Bakı, 24 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 24-də Nəsimi rayon MKS-nin 3 nömrəli kitabxana filialında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qanlı izlər” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəsimi rayon MKS-nin 3 saylı filialının və H.Sarabski adına Mədəniyyət evinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitabxananın direktoru Dilşad Məmmədli çıxış edərək 25 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən qətliamı XX əsrin ən dəhşətli faciələrindən biri kimi dəyərləndirib.
Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı soyqırımını törədənlərin cəzasız qalmayacağını deyən kitabxana direktoru bu hadisənin günahkarlarının tezliklə cəzalandırılacağına əminliyini ifadə edib.
Çıxış edən digər qonaqlar Xocalıda baş vermiş hadisənin tarixi əhəmiyyətindən, həlak olmuş soydaşlarımızın intiqamının yerdə qalmayacağından danışıblar.
Daha sonra qonaqlar məktəblilərin və kitabxananın oxucularının Xocalı ilə bağlı çəkdikləri 40-dək sənət əsəri ilə tanış olublar.