Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Meksikada tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz araşdırmaları bölməsində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə səfir İlqar Muxtarov Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı faciəsinin acı nəticələrinə dair təqdimatla çıxış etmişdir.
Qeyd edilmişdir ki, Xocalı soyqırımı ermənilər tərəfindən 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı törədilmiş qeyri-insani cinayətlərdən biridir. İ.Muxtarov Azərbaycan ərazisinin işğalı tarixindən, Xocalı soyqırımı ilə bağlı dəhşətli faktlardan danışmışdır.
Səfir bildirmişdir ki, ermənilər “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə keçmiş SSRİ rəhbərliyinin dəstəyi əsasında 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüş və bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulduğu, itkin düşmüş 155 nəfərin taleyinin isə indiyədək məlum olmadığı vurğulanmışdır.
Azərbaycanın işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin, digər mədəni və tarixi abidələrin dağıdılması faktları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Səfir təəssüflə vurğulamışdır ki, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər indiyədək cəzasız qalırlar. O, beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınmasının zəruriliyini vurğulamışdır. Eyni zamanda, səfir İ.Muxtarov bildirmişdir ki, artıq bir neçə ölkənin parlamentlərində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edilmişdir. Diplomat Meksika Konqresində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qətnamələrin qəbul edildiyini xatırlatmışdır.
Tədbirdə səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli film nümayiş olunmuşdur.