Xocalı soyqırımının törədilməsində əli olanlar layiqli cəzalarını almalıdırlar
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilmişdir ki, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilmiş “Xocalıya ədalət” adlı tədbirdə Xocalı şəhərindən olan məcburi köçkün ailələri, icra hakimiyyəti aparatının məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı və Gürgan qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və şagirdləri iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar mərkəzin foyesində Xocalı soyqırımına həsr edilmiş fotostend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Təəssüflə vurğulanmışdır ki, dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımını törədənlər hələ də cəzasız qalmışlar. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ermənistan tərəfi isə danışıqlar prosesini süni şəkildə uzadır.
Faciənin şahidlərindən Murad Şükürov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından danışmışdır. O bildirmişdir ki, həmin gün Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmış, yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilmişdir. Erməni qəsbkarları qocaları, qadınları, uşaqları, hətta körpələri ən dəhşətli üsul və vasitələrlə qətlə yetirmişlər. Vurğulanmışdır ki, Xocalı soyqırımının törədilməsində əli olanlar layiqli cəzalarını almalıdırlar.
Tədbirdə hər bir vətəndaşın, xüsusilə gənclərin tariximizin bu qanlı səhifəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın apardığı mübarizənin əsası kimi xatırlamasının önəmi vurğulanmışdır.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vandalizmini əks etdirən “Ağ qayıq” tamaşası nümayiş etdirilmişdir.