Xocalıda ekoloji iməcilik təşkil edilib
Xocalı, 24 aprel, AZƏRTAC
Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsinin təşəbbüsü, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilati dəstəyi ilə Xocalı rayonunun Dağdağan kəndindəki gölün ətrafında iməcilik təşkil olunub. Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə keçirilən Qarabağ Universitetinin tələbələri və Xankəndi şəhərində fəaliyyət göstərən otellərin əməkdaşları fəal iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iməcilik zamanı tələbələr və könüllülər tərəfindən gölün ətrafı tullantılardan təmizlənib.
Qeyd edək ki, aksiyanın əsas məqsədi təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsi, canlı təbiətə zərər vurulması və meşə yanğınlarının qarşısının almaq üçün maarifləndirmə və ekoloji məsuliyyət hissinin təşviq edilməsi olub. Bu cür ekoloji təşəbbüslər həm də regionda ətraf mühitin mühafizəsinə diqqətin artırılmasına, ekoloji mədəniyyətin formalaşdırılmasına və gənclərin təbiətin qorunması istiqamətində daha fəal iştirakına mühüm töhfə verir.
Müxbir - Tahir Ağaməmmədov