Xocavəndli məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər
Beyləqan, 24 fevral (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AZƏRTAC-a bildirmişdir ki, Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı qəsəbələrində məskunlaşmış məcburi köçkünlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında aparılır. Bu qəsəbələrin əhalisinin müayinəsi başa çatdıqdan sonra Beyləqan və Ağcabədi rayonunda məskunlaşmış digər məcburi köçkünlər də aksiyaya cəlb olunacaqlar. Beyləqan rayonu ərazisində 4640, Ağcabədi rayonunda isə 2107 nəfər xocavəndli məcburi köçkünün müayinə edilməsi nəzərdə tutulmuşdur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova bildirmişdir ki, dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən xocavəndli məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər. Fevralın 17-dən indiyədək 1460 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Sakinlər terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs, rentgen və sair müayinələrdən keçirilir. Xəstəlik aşkar edilmiş sakinlər stasionar və ambulator müalicəyə cəlb ediləcəkdir.
Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Tuğ kənd sakini Cəlal Gözəlov AZƏRTAC-a müsahibəsində yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək demişdir: “Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı məndə qan təzyiqi aşkarlanaraq müalicə kursu təyin edildi. Biz köçkünlər sağlamlığımıza göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq.
Xəstəxanada tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbinin müəllimi Telli Alıyeva bildirmişdir ki, insanlar çox zaman vaxtında tibbi müayinədən keçmir, sağlamlıqları barədə məlumatlı olmurlar. Bəzən xəstəliklər gec aşkara çıxdığından onların müalicəsi də çətinləşir. Odur ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir.