Xocavəndli məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər
Beyləqan, 11 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi tibbi müayinəsi həyata keçirilir. Bu humanitar aksiyada xocavəndli məcburi köçkünlər də fəal iştirak edirlər.
Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlər görülmüşdür. Xocavəndli məcburi köçkünlər respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Fevralın 17-dən indiyədək Beyləqan rayonu ərazisində və Sumqayıt şəhərində məskunlaşmış 4745 sakin tibbi müayinədən keçirilmiş, 5 rayonda məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsi başa çatmışdır.
Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Fövzi Tahirov məlumat vermişdir ki, müayinələrin mütəşəkkil qaydada aparılması üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Sakinlər terapevt, cərrah, lor, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs müayinələrindən keçirilir. Bu günədək 270 nəfər ambulator, 6 nəfər stasionar müalicəyə cəlb olunmuş, 4 nəfər isə daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilmişdir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti xocavəndli məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbin müəllimi Taleh Mirzəyev yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.