Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1708 namizəd qeydiyyatdan keçib. Onlardan 1598 nəfəri imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası dekabrın 3-4-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.