Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir: Xoş gəldin Novruz
Gəncə, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin xidmətlərindən istifadə edən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə "Xoş gəldin Novruz" adlı şənlik təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər Nigar Rəfibəyli adına 43 saylı məktəbdə təşkil olunan tədbir şəhər icra hakimiyyətinin dəstəyi və BP-nin Cənubi Qafqaz Boru Kəmərinin maliyyə köməyi ilə həyata keçirilib.
Tədbiri açan UAFA Gəncə İcma Əsaslı Reabilitasıya Mərkəzinin koordinatoru Rəzalə Abbasova mərkəzin gördüyü işlərdən və bu vaxta qədər həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb.
Rəzalə Abbasova qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hər il "Xoş gəldin Novruz" adlı bayram tədbiri keçirilir və bu tipli tədbirlər mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun normal həyata inteqrasiyasına yardım edir.
Tədbirdə mərkəzin xidmətlərindən istifadə edən uşaqlar xalq və xarici rəqslərlə, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.