“Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi ilə növbəti tədbir keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi ilə növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, nümunəvi tədbir SOCAR-ın “Azərneft” və “Azəriqaz” İstehsalat birlikləri, “Qaz İxrac” idarəsi, həmçinin Bakı Şəhəri və Binəqədi Rayon İcra hakimiyyətləri strukturlarının və “Binagady Oil Company” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə təşkil olunub.
Tədbir paytaxtın Binəqədi rayonunda, Binəqədi-Mehdiabad yolunun yaxınlığındakı “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü sahəsində keçirilib.
Həmin ərazinin ümumi sahəsi təxminən 30 hektardır. Ərazidə dörd ədəd separator qurğusu, 5 ədəd neft quyusu, üç ədəd inzibati bina və müxtəlif təzyiqli qaz kəmərləri mövcuddur. Həmin ərazi sənaye zonası olmaqla, yaşayış evlərinin neft quyularının yaxınlığında yerləşməsi baxımından riskli zona hesab edilir. Ərazidəki qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə, yaxınlıqdakı fərdi evlərin sakinləri tərəfindən bu əraziyə məişət tullantıları, o cümlədən yanar materiallar atılır ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına şərait yaradır.
Qeyd olunanlar nəzərə alınaraq, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti qurumların, kommunal təsərrüfat işçilərinin dəstəyi ilə ərazinin kol-kos və qamışlıqdan, tullantılardan təmizlənməsi, o cümlədən neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin yanğından etibarlı mühafizəsi məqsədilə qabaqlayıcı tədbirlərə start verilib. İşlərə ilkin olaraq neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə başlanılıb.
Sonra ərazidən keçən kommunikasiya və elektrik verilişi xətlərinin təhlükəsiz mühafizə zolaqları yaradılıb və ərazi məişət tullantılarından təmizlənib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir.