Yanvar-oktyabrda vergiödəyicilərinə xidmət mərkəzlərində 740 min 102 xidmət göstərilib
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 391 min 367 şəxs qəbul edilib, onlara 740 min 102 xidmət göstərilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu xidmətlər, əsasən, vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, qeydiyyat-uçot xidmətləri, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatlarının verilməsi və digər məsələlərlə bağlı olub.
Cari ilin 10 ayı ərzində vergiödəyicilərinə xidmət strukturları tərəfindən 3761 ödəyicinin iştirakı ilə 228 görüş keçirilib. Vergiödəyicilərindən daxil olmuş 14 mindən çox yazılı müraciət cavablandırılıb, onların faktiki fəaliyyət göstərdiyi yerlərdə 5516 ünvanlı xidmət göstərilib.
Hesabat dövründə vergiödəyicilərinə 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 734 minə yaxın SMS göndərilib.
2022-ci ilin 10 ayında vergiödəyicilərinin müraciəti üzrə, o cümlədən elektron qaydada 278 min 950 “Asan İmza” sertifikatı verilib.