Yanvar-sentyabr aylarında Dövlət Vergi Xidmətində baxılmış vətəndaş müraciətlərinin 65,5 faizi həllini tapıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 214 min 806 müraciət daxil olub ki, bunun da 91 faizi ərizə, 8,9 faizi şikayət, 0,1 faizi təklif olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, müraciətlərin böyük əksəriyyətinin baxılması həmin dövrdə başa çatdırılıb. Baxılmış müraciətlərdən 65,5 faizi həll olunub, 27,8 faizi ilə bağlı izahatlar verilib, digərləri barədə müvafiq qərar qəbul edilib.
Yanvar-sentyabr ayları ərzində vergi orqanlarında müvafiq qaydada həll olunmuş faktiki şikayətlərin 91,8 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergiödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri (növləri), təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə DVX-nin aparatında ümumilikdə 340 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir şəxsin müraciətinə fərdi qaydada yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli DVX-nin səlahiyyəti xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.