Yanvarda iqtisadiyyatın bir sıra sahələrində yüksək artım templəri müşahidə olunub
Bakı, 13 fevral, AZƏRTAC
Cari il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilər qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında ÜDM 5 faiz, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3 faiz artıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əlavə dəyərdə artım tikinti sektorunda 66,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 26,8 faiz, qeyri-neft-qaz emal sənayesində 16,8 faiz, turizm və ictimai iaşədə 12,1 faiz, informasiya və rabitədə 11,8 faiz təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.
2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37,4 faiz, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1 faiz artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amildir.