YAP Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 26 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında videoformatda görüş keçirilib.
Partiyadan AZƏRTAC-a verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilk olaraq görüşdə iştirak edən “Ze! Molodizhka” təşkilatının üzvlərini Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib. YAP Gənclər Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat verən B.İslamov Azərbaycan və Ukrayna arasında sağlam dayaqlara əsaslanan ikitərəfli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, hər iki ölkə arasında mövcud münasibətlərin nümunəsi olaraq hakim partiyaların gənclər təşkilatları arasında da sıx münasibətlərin qurulması olduqca vacibdir. Bu baxımdan birgə işlərin görülməsi, tərəfdaşlığın artırılması və nəticə etibarilə hər iki ölkənin gənclərinin inkişafına xidmət edən layihələrin keçirilməsi önəmli əhəmiyyət daşıyır.
“Xalqın Xidmətçisi” partiyasının “Ze! Molodizhka” təşkilatının sədri Oleksandr Sançenko öz növbəsində görüşün təşkilinə görə təşəkkür edib. Təmsil etdiyi təşkilat haqqında məlumat verərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin uğurlu fəaliyyəti və öncül təcrübəsindən yararlanmağa maraqlıdırlar. Ona görə də bu istiqamətdə ikitərəfli sıx əlaqələrin qurulması olduqca vacibdir.
Görüş zamanı Oleksandr Sançenko YAP Gənclər Birliyinin sədrini Ukraynaya səfərə dəvət edib və bu səfərin iki tərəf arasında mövcud münasibətlərin inkişaf etdirilməsi, o cümlədən birgə təcrübə mübadiləsi aparılması baxımından effektiv olacağına əminliyini ifadə edib.
B.İslamov dəvətə görə təşəkkür edib, qarşılıqlı əlaqələrin dərinləşməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə hər iki təşkilat arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.