YAP QAX RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət etmiş, önünə əklil və gül-çiçək dəstələri düzmüşlər.
YAP rayon təşkilatının sədri Nizami Əhmədovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilmiş, partiyanın III qurultayının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlərdən söhbət açılmışdır. Natiq qeyd etmişdir ki, rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətində 2004-cü ildə bələdiyyə, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində və 2006-cı ilin oktyabrında bələdiyyələrə keçirilən təkrar və əlavə seçkilərin xüsusi yeri vardır. Müasir seçki texnologiyalarından və qazanılmış təcrübədən səmərəli istifadə etmək nəticəsində hər üç seçki Yeni Azərbaycan Partiyasının tam qələbəsi ilə başa çatmışdır.
Məruzədə Prezident İlham Əliyevin cari ilin aprel ayında bölgəyə, eləcə də Qax rayonuna tarixi səfərinin önəmli məqamlarına toxunan natiq, dövlət başçısının bu səfərinin rayon əhalisi tərəfindən böyük sevinclə qarşılandığını, səfərdən sonra vətəndaşların, xüsusilə də gənclərin YAP sıralarına axınının xeyli sürətləndiyini xüsusi qeyd etmişdir.
Konfransda YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Rizvan Vahabov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov çıxış edərək ölkənin ictimai-siyasi həyatında müstəsna rolu və xidmətləri olan, xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyasının ölkənin bu aparıcı siyasi qurumunun sədri İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacağına əminliyini bildirmiş, rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
“Gənc Heydərçilər”in təbrikindən sonra YAP sıralarına yenicə daxil olan üzvlərə təntənəli surətdə üzvlük vəsiqələri təqdim edilmişdir.
Konfransda təşkilati məsələlərə baxılmış, Nizami Əhmədov yenidən partiyanın rayon təşkilatının sədri seçilmişdir.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.